08.06.2017

"Esse yazı işinin səmərəli təşkili" mövzusunda seminar keçirilib

İyunun 7-də Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə “Məktəbəqədər və ibtidai sinif müəllimləri üçün ixtisasartırma proqramlarının hazırlanması” layihəsi çərçivəsində "Esse yazı işinin səmərəli təşkili" mövzusunda seminar keçirilib. Seminarda TİPİİ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri və Abşeron rayon ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd tədris prosesində yazı işinin səmərəli təşkili yollarını göstərməkdir.

Seminardan əvvəl məktəbin 4-cü sinif şagirdləri arasında şagird fəaliyyətinin qiymətləndirməsi məqsədilə monitorinq aparılıb. Həmçinin seminar iştirakçılarına qiymətləndirmə və yazı işlərinin təşkili ilə bağlı sorğu vərəqləri paylanılıb.

TİPİİ-nin Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri müəllimlərə esse yazı alqoritmi, elmi-nəzəri məsələlərin tədris prosesində  təcrübəyə tətbiqi barədə ətraflı məlumat verib.

Tədbirdə uşaqların yazı işlərində qarşılaşdıqları çətinliklər, müəllimlərinin yazı normaları ilə bağlı yerinə yetirdikləri standartlar və yazı normalarını aşkarlayacaq qiymətləndirmə vasitələrinin hazırlanması  kimi məsələlər qarşılıqlı şəkildə müzakirə olunub.

Sonda müəllimləri maraqlardıran suallara ətraflı cavab verilib.