13.06.2017

“Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsi keçirilib

Abşeron Rayon Təhsil Şöbəsi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Abşeron rayon mədəniyyət evində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsi keçirilib.

Tədbirin keçirilməsində məqsəd islam dövlətlərinin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda zəka və intellektual səviyyəni yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi hissləri aşılamaq və maarifləndirmək olub.

Aprel ayından etibarən rayon ümumtəhsil məktəbləri arasında IV-VI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqədə 6 məktəb final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsində münsiflər heyətini xalq rəssamı Arif Hüseynov, uşaq yazıçısı Sevinc Nuruqızı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Hüseynov, Azərbaycan Kitab Kollektorunun direktoru Ələddin Əsədov və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova təmsil edib. Tədbirdə, həmçinin Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri mərkəzinin nümayəndələri, uşaq yazarları və təhsil işçiləri iştirak ediblər.

Tədbirə gələn qonaqlar əvvəlcə foyedə təşkil olunmuş islam ölkələrinin nağıllarından ibarət kitab sərgisi və şagirdlərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra IV-VI sinif şagirdlərinin təqdimatında Azərbaycan, Türkiyə, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Misir dövlətlərinin nağılları nümayiş olunub. Həmçinin şagirdlər hər bir nağıldan öncə həmin dövlətin milli rəqsini tamaşıçılara təqdim ediblər.

Sonda nağıl müsabiqəsinin iştirakçıları müxtəlif dərəcəli diplom və hədiyyələrlə mükafatlandırılıblar.