28.07.2017

700 bal toplayan məzun mükafatlandırılıb

 Ali təhsil müəssisələrinə qəbul imtahanında Abşeron rayonu üzrə maksimum nəticə - 700 bal toplamış Jalə Məmmədova Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılıb. Təhsil şöbəsində keçirilən mükafatlandırmada təhsil şöbəsinin rəhbərliyi, məktəb direktoru və məzunun sinif rəhbəri iştirak edib.

Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova qəbul imtahanında yüksək nəticə əldə etdiyinə görə Jaləni  təbrik edib, ona müəllimlərinin və valideynlərinin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı arzulayıb. Şöbə müdiri həmçinin, ali məktəblərə qəbul imtahanlarında Abşeron məzunlarının qazandıqları uğurlar barədə danışıb. Bildirib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1529 məzundan 1048 nəfəri keçid balını keçib. Onlardan 1 nəfər Jalə Məmmədova  ən yüksək nəticə - 700 bal yığıb, 68 nəfər 600-dən, 152 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.

Jalənin bitirdiyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Şahin Yusifov da onu təbrik edərək, uğurlu həyat yolu arzulayıb.

Sonda rayon təhsil şöbəsi adından Jaləyə noutbuk hədiyyə edilib.


Açar sözlər: