08.09.2017

Abşeron rayonunda təhsil işçilərinin “sentyabr konfransı” keçirilib

Sentyabrın 8-də Abşeron rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib.

Konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Ceyhun Bayramov, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər, yüksək bal toplamış şagirdlər və rayon ziyalıları iştirak ediblər.

Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova 2016-2017-ci tədris ilinin yekunları barədə ətraflı məlumat verərək, qarşıdakı tədris ili üçün fəaliyyət planının prioritet istiqamətlərindən söz açıb.

Daha sonra Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova, Bakı Humanitar Kollecinin direktoru Rüxsarə Əliyeva, həmçinin ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq rayon üzrə maksimum nəticə göstərmiş Jalə Məmmədova çıxış ediblər.

Təhsil nazirini müavini Ceyhun Bayramov təhsil sahəsində görülən islahatlardan, onların müsbət nəticələrindən söz açaraq, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, 2016-2017-ci tədris ilində yüksək nailiyyət əldə etmiş müəllimləri fəxri fərmanlarla təltif edib, 600 baldan yuxarı nəticə göstərmiş məzunlara hədiyyələr təqdim olunub.

Sonda konfras iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti oxunub.