15.09.2017

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə ”Bilik günü”nə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 15-də Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə ”Bilik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Mətin Eynullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və Dövlət bayrağının gətirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən məktəb direktoru Əməkdar müəllim Təyyibə Hüseynova tədbir iştirakçılarını salamlayıb onları Bilik günü münasibətilə təbrik edib. Təyyibə xanım məktəbin əldə etdiyi uğurlardan söz açaraq 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 3 məzunun 600-dən çox bal topladığını, onlardan da birinin qızıl medal qazandığını vurğulayıb.

Daha sonra təhsil nazirinin müavini Mətin Eynullayev çıxış edərək təhsil sahəsində aparılan islahatlar və onların müsbət nəticələri haqqında danışıb. Təhsilin inkişafının dövlət strategiyasının prioritet istiqamətlərindən olduğunu bildirən nazir müavini təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən söz açaraq Abşeron rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və müasir tələblərə cavab verən məktəblərdən, şagirdlərə yaradılan şəraitdən danışıb.

Tədbirdə qonaq qismində iştirak edən Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş əsgər Əbdülməcid  Axundovun  anası  Ceyran  Axundova da çıxış edib. O, şagirdlərə vətənə layiq övlad kimi böyüməyi, Azərbaycanın adını bütün dünyada ucaltmağı arzulayıb.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiya ilə davam edib.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıb.

Sonda qonaqlar məktəblə tanış olub, sinif otaqlarında şagird və müəllimlərlə görüşüblər.