04.10.2017

“Uşaq ədəbiyyatında İRSimizin rolu” mövzusunda seminar keçirilib

Xırdalan şəhər 2 nömrəli və Saray qəsəbə 3 nömrəli tam orta məktəblərdə “Uşaq ədəbiyyatında İRSimizin rolu” mövzusunda tərbiyəvi əhəmiyyətli seminar keçirilib. Seminar Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Avropa Təbii Elmlər Akademiyasının “İRS” bölməsinin rəhbəri, uşaq yazıçısı, pro­fessor Solmaz Amanova tərəfindən keçirilib. Seminarda rayon ümumtəhsil məktəblərinin 1-ci siniflərinə dərs deyən ibtidai sinif müəllimləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi, incəsənət və mədəniyyəti, adət-ənənələri, əxlaqi-mənəvi keyfiyyətləri haqqında anlayışları müəllimlərlə paylaşmaq və bu keyfiyyətləri məktəbə yeni qədəm qoyan uşaqlara aşılamaqdır.

Seminarda uşaq ədəbiyyatında İRSimizin necə əks olunması, milli-mənəvi dəyərlərin uşaqlara yaşlarına uyğun şəkildə öyrətməyin yolları, uşaqlar üçün nəzərdə tutulan oyunlar haqqında ətraflı məlumat verilib. Seminarda həmçinin, ”Gül saatı”, ”Qızıl həriflər”, ”İlmənin macəraları” oxu kitabları vasitəsilə tədris prosesini necə daha effektiv və maraqlı etməyin metodları da müzakirə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu üzrə yekun müzakirələr aparılıb.


Açar sözlər: ,