08.11.2017

“Bayraq yürüşü” keçirilib

Noyabrın 8-i Abşeron Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon mərkəzində ənənəvi “Bayraq yürüşü” keçirilib.

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Tədbir öncə Abşeron Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. Yürüş iştirakçıları Heydər Əliyev prospektindən, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçərək Heydər Əliyev parkına doğru hərəkət ediblər. Parkda şarlardan hazırlanmış kompazisiyalar havaya buraxılıb.

Tədbir konsert proqramı ilə davam edib.