04.12.2017

“Təhsildə keyfiyyət ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib

Dekabrın 2-si Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə “Təhsildə keyfiyyət ili” çərçivəsində elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd rayon ümumtəhsil məktəblərində təlim keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması və istedadlı uşaqların aşkarlanması olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, təhsil şöbəsinin əməkdaşları, rayonun təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən hazırlanmış sərgi ilə tanış olublar.

Akt zalında davam edən tədbirin rəsmi hissəsi Dövlət himninin səslənməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən təhsil şöbəsinin müdiri Nazilə Məmmədova tədbir iştirakçılarına “Təhsildə keyfiyyət ili” çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verib.

Daha sonra tədbir şagirdlərin hazırladıqları musiqili ədəbi-bədii kompozisiyalarla davam edib.


Açar sözlər: ,  ,