26.12.2017

“Vətənə sədaqətin zirvəsi – Şəhidlik” mövzusunda tədbir keçirilib

Dekabrın 26-sı Aşağı Güzdək qəsəbə tam orta məktəbdə “Vətənə sədaqətin zirvəsi – Şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xuraman Kərimova bildirib ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir.  Bu səbəbdən onun böyüməkdə olan nəslə aşılanması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindəndir və məktəbin ən vacib vəzifələrindəndir.

Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov qeyd edib ki, şagirdlərin milli mənlik şüurunun inkişaf etdirilməsi, gənclər arasında  vətənpərvərlik hissinin  formalaşdırılması və milli-mənəvi dəyərlərimizin təbliği dövlətin prioritet vəzifələrindəndir. O, gənclərin yad dini-ideolj təsirlərindən qorunmasında,  keçirilən maarifləndirmə tədbirlərinin güclü təsir qüvvəsinə malik olduğunu söyləyib.

Tədbirin sonunda “Şəhadət” sənədli filminin nümayişi olub və film ətrafında müzakirələr aparılıb.