18.01.2018

İlk dərslər 20 Yanvara həsr ediləcək

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər  20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr ediləcək.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Abşeron Rayon Təhsil Şöbəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq.


Açar sözlər: ,