01.02.2018

Yeni məktəbdə ilk dərs günü

Fevralın 1-i Masazır kəndində yeni inşa olunmuş 5 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.

Məktəbdə ilk dərs gününün başlaması münasibətilə çıxış edən təhsil şöbəsinin müdiri Nazilə Məmmədova məktəbdə şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd olunub ki, məktəbdə yaradılan şərait Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının göstəricisidir.

Çıxış edənlər son on il ərzində Azərbaycanda üç mindən çox məktəbin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini bildiriblər.

Məlumat üçün bildiririk ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Yeni məktəb 1200 şagird yerlikdir, burada 41 sinif otağı var. Ən müasir avadanlıqla təchiz edilən məktəbdə fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, həmçinin hər cür şəraiti olan yeməkxana yaradılıb. Burada iki emalatxanada da tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. İdman zalı zəruri avadanlıqla təchiz edilib.


Açar sözlər: ,