06.02.2018

“Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Abşeron Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Bilik Fondunun və Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir Dövlət bayrağının gətirilməsi ilə açıq elan edilib.

Bilik Fondunun rayon üzrə nümayəndəsi, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova giriş sözü ilə çıxış edərək, tədbirin mahiyyətindən söhbət açıb. Bildirib ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul edib. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verib.

Bakı Dövlət Universitetinin tarix kafedrasının müdüri, tarix elmləri doktoru Anar İsgəndərli şərqdə ilk müstəqil dövlətin hansı siyasi zəmində yarandığına, Cümhuriyyət qurucularının dövlətçiliyin ideya əsaslarını necə mənimsədiklərinə və demokratik dəyərlərə söykənərək, tətbiq etdikləri idarəetmə mexanizmlərinə müxtəlif prizmalardan aydınlıq gətirib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev qeyd  edib ki, Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlayıb. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında ulu öndər  Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyik yubileyinin keçirilməsi haqqında”,  “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynayıb. Bu baxımdan prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində  imzaladığı sərəncam, bu il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması  böyük əhəmiyyət daşıyır.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən videoçarx nümayiş olunub.   


Açar sözlər: