19.04.2018

"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində tədbir keçirilib

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə "Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində tədbir keçirilib.

Layihənin məqsədi məktəblilərin xüsusən də vətənpərvərlik mövzusunda olan kitabları toplayaraq cəbhə bölgəsində xidmət edən əsgərlərə göndərməkdir.

Tədbir Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissənin və Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.

Layihə çərçivəsində Aprel döyüşlərinin iştirakçıları Xırdalan şəhərinə səfər ediblər. İlk olaraq Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşən döyüşçülər "Əsgərə xatirə kitabı" aksiyasında iştirak edən məktəblilərə təşəkkür məktubları veriblər.

Daha sonra hərbiçilər məktəbin akt zalında təşkil olunan tədbirə qatılıblar.

Məktəbin direktoru Ədalət Camalova bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.

Füzulidə yerləşən N saylı hərbi hissənin polkovnik-leytenantı Seymur Habibullahov vurğulayıb ki, şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir.

Görüşdə şagirdlərin ifasında vətənə , millətə, dövlət atributlarına aid vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqs nümunələri nümayiş olunub.

Tədbirin sonunda şagirdlər hərbi hissəyə 2400 kitab hədiyyə göndəriblər.