20.04.2018

“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xırdalan şəhərində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib.

Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların təmsilçiləri, təhsil işçiləri, bölgədəki media nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun Abşeron rayon üzrə nümayəndəsi, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Təyyübə Hüseynova bildirib ki, ümummilli liderin anadan olmasının 95-ci ildönümü Abşeron rayonunda geniş şəkildə qeyd edilir, müxtəlif tədbirlər həyata keçirilir. Bilik Fondunun təşkilatçılığı ilə keçirilən bu mühazirə də həmin tədbirlərin tərkib hissəsidir.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, mətbuatın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.

Fondun mətbuat katibi Ceyhun Musayev təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbirlərdən söz açıb.

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.