02.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olunub

Novxanı kənd 1 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları, rayon ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir məktəbin həyətində Dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra şagirdlər sülh rəmzi sayılan göyərçinləri səmaya buraxıblar.

Tədbir iştirakçıları məktəbin nəzdində yaradılan tarix muzeyi ilə yaxından tanış olublar. İştirakçılara burada qorunub saxlanılan, tarixi keçmişimizi özündə əks etdirən eksponatlar və digər qədim zəngin dövlətçilik ənənələrinə malik mədəniyyət nümunələri haqda məlumat verilib.

Məktəbin akt zalında davam edən tədbir zamanı çıxışçılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

Tədbir bədii hissə ilə davam edib.


Açar sözlər: ,  ,