17.05.2018

“Yol hərəkəti təhlükəsizliyi” adlı tədbir keçirilib

Mayın 17-də Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi” adlı tədbir keçirilib. Tədbirdə Baş Dövlət Yol Polis və Abşeron rayon Yol Polis İdarələrinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.

Məktəbin direktoru Elnarə Həsənova belə vacib tədbirin keçirildiyi üçün təşkilatçılara öz dərin minnətdarlığını bildirərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən söz açıb.

BDYPİ əməkdaşı Turan xanım Daşdəmirova çıxış edərək bildirib ki, yol təhlükəsizliyi gündəmdə olan vacib məsələlərdən biridir. Məktəbə yaxın ərazilərdə yol təhlükəsizliyinin təmin olunması məsəllərində müəllim və valideynlərin rolu əvəzsizdir. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş olunub.

Daha sonra məktəbin şagirdləri yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.  

Sonda tədbirdə iştirak edən şagirdlərə “Yol təhlükəsizliyi əlifbası” kitabı hədiyyə edilib.


Açar sözlər: ,  ,