30.05.2018

Xırdalan şəhər 2 nömrəli tam orta məktəb ilə Cocuq Mərcanlı məktəbi qardaşlaşıb

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Nümayəndə heyəti əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub.

Cocuq Mərcanlı məktəbliləri Xırdalan məktəblilərini plakatlar və şüarlarla qarşılayıblar. Xırdalan 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri məktəblə yaxından tanış olduqdan sonra iki məktəb arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Cocuq Mərcanlı məktəbin direktoru Zamin Həziyev  məktəblərin qardaşlaşmasını xoş hadisə adlandırıb: “Biz çox sevinirik ki, Xırdalan məktəbi ilə bundan sonra birgə fəaliyyət göstərəcəyik. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova qardaşlaşan Xırdalan və Cocuq Mərcanlı məktəbliləri bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrilməyə çağırıb. Bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndində dalğalanacaq".

Sazişin imzalanmasından sonra Cocuq Mərcanlı məktəbinin  binasında dəyirmi masa keçirilib. “Mənim arzum budur ki..” mövzusunda keçirilən müzakirələrdə hər iki məktəbin müəllimləri və şagirdləri arzularını dilə gətiriblər. Onlar işğalda olan Azərbaycan torpaqlarının azad olunmasının ən böyük arzuları olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olub.