04.06.2018

“Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirilib

İyunun 4-də Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəblə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirilib. Tədbir Xızı rayonunun Sayadlı kəndində təşkil olunub. Tədbirdə Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları,  filologiya elmləri namizədi Firudin Qurbansoy,  Akademik Dram Teatrının aktyorları, “Cabir Novruz” Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, əməkdar jurnalist Qafar Əsgərzadə, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Fondun təsisçisi Müşfiq Cabiroğlu və Müşfiq poeziyasının pərəstişkarları iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək və müstəqillik, azadlıq uğrunda öz əqidələrindən dönməyən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini onlara tanıtmaq olub.

Tədbirdə çıxış edənlər Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatının, teatrının, kinosunun inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Vurğulanıb ki, qısa ömür yaşamasına baxmayaraq, Müşfiq təkrarolunmaz yaradıcılığı ilə yaddaşlarda yaşayır, yaşayacaq. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər ədəbi bədii kompozisiyada şairin yaradıcılığını əhatə edən şeirlər səsləndirib, M. Müşfiqin şeirlərinə yazılmış mahnılar ifa ediblər.