15.09.2018

Yeni məktəb binasının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Abşeron rayon Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin yeni tədris binasının açılış mərasimi keçirilib.

Məktəbin açılışında təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova, Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar diləyib.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şagirdləri və müəllim kollektivini təbrik edərək ölkəmizin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli, vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. O, bu il məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərə dövlətimiz və cəmiyyətimiz üçün layiqli, savadlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Məhəbbət  Vəliveva çıxışının sonunda təhsilə  göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Məlumat üçün bildiririk ki, məktəb 1200 şagird yerlikdir, kimya, fizika və biologiya daxil olmaqla 4 laboratoriya otağı, 6 kompüter  otağı, 112 yerlik yeməkxana, 74 yerlik kitabxana, 294 yerlik akt zalı, sahəsi 468 kv.met. olan idman zalı, ərazisində geniş idman meydançası, sanitar qovşağı, qazanxana, nasosxana, içməli su anbarı və 1 ədəd KTY-250 tipli transfomator yarımstansiyası ilə təchiz olunub.


Açar sözlər: ,  ,