15.09.2018

“Bilik günü” qeyd olunub

Bu gün Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanının nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər  iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirlər şagirdlərin hazırladıqları bədii hissə ilə davam edib.

Tədbirlərdən sonra 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanıb.

Qeyd edək ki, yeni tədris ilində Abşeron RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 54 350 şagird təhsil alacaq. Abşeron RTŞ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 6687-dən çox,  IX sinfində 3630, X sinfində  2428, XI sinfində  2392 şagird təhsil alacaq.


Açar sözlər: ,  ,