01.10.2018

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 1-də Abşeron rayon ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Məktəbəhazırlıq qrupların məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələdən ibarət olacaq. Bir gün ərzində 3 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.

Abşeron rayonu üzrə 2018-2019-cu tədris ilində 2500-dən çox uşaq məktəbəhazırlıq qruplarında təhsil alacaq. Ümumilikdə isə rayonun 36 məktəbində 113 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.