16.10.2018

Riyaziyyatı şagirdlərə sevdirən Ramilə müəllim

Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Ramilə Şahbazova artıq 20 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsindən məzun olduqdan sonra Ramilə xanım orta təhsil aldığı Şabran rayonunun Rəhimli kənd tam orta məktəbə təyinat alır.

 

Mənimlə eyni vaxtda məktəbdə şagird olmuş uşaqlara dərs deyirdim

Məzum olduğum məktəbə müəllim kimi qayıtmaq çox həyəcanlı idi, mənə dərs deyən müəllimlərlə birlikdə işləyirdim. İşin maraqlı tərəfi həmçinin o idi ki, mənim məktəbdə oxuduğum dönəmdə aşağı siniflərdə oxuyan şagirdlərə mən artıq müəllim olaraq təqdim edilmişdim. Bu məsuliyyətli olduğu qədər də qürurverici idi.

5 il Rəhimli kəndində işlədikdən sonra rayonun başqa bir kənd məktəbində həm müəllim həm də tədris hissə müdiri kimi çalışmağa başladım. Bu məktəbdə fəaliyyətim 3 il davam etdi və daha sonra Xırdalan şəhər 4 nömrəli tam orta məktəbə təyinat aldım. Artıq 11 ildir ki, bu məktəbdə müəllim kimi işləyirəm.

 

Özümü başqa heç bir peşədə təsəvvür edə bilmirəm

Müəllim ailəsində böyümüşəm, atam riyaziyyat, anam isə fizika müəllimidir. Ona görə uşaqlıqdan bu peşəyə qarşı xüsusi marağım olub, özümü başqa heç bir peşədə təsəvvür edə bilmirəm.

 

Riyaziyyata maraq

Şagirdlərdə riyaziyyat fənninə maraq yaratmaq bir az çətindir, riyazi əməllər həmişə şagirdləri qorxudub. Ancaq yeni təlim metodları vasitəsilə, bu fənnin digər fənlərlə əlaqəsini yaradaraq, sinifdaxili müxtəlif müsabiqələr keçirərək şagirdlərdə həvəs yaratmağa çalışıram. Müşahidə etmişəm ki, şagirdlərə hər hansısa mövzunun real həyatdakı tədbiqi haqqında məlumat verəndə, bu və ya digər qaydanın harada və nə zaman bizə lazım olacağını izah edəndə şagirdlər həvəslənir və mövzunu daha asan mənimsəyirlər.

 

Müəllim necə olmalıdır?

Ümumiyyətlə, müəllim gərək ilk növbədə psixoloq olsun. Gün ərzində bir neçə sinfə dərs deyirik, hər sinifdə müxtəlif xarakterli şagirdlər var. Hər şagird fərqli ailədən təmsil edir, elə şagird var onu tərifləməklə ələ almaq olur, eləsi var onunla dost olmaqla yönləndirə bilirsən, elə şagird də var ki, səndən mütəmadi olaraq yeni informasiya tələb edir. Ona görə şagirdlərin sevgisini qazanmaq üçün hər bir şagirdə səbrlə, fərdi yanaşmağı bacarmaq  lazımdır.

 

Gənc nəslin intellekt səviyyəsini çox bəyənirəm

Bizim məktəb artıq necə illərdir ki,  Bakı Mühəndislər Universiteti ilə əməkdaşlıq edir. Orada oxuyan tələbələr, gələcəyin müəllimləri təcrübə üçün bizim məktəbə gəlirlər. Gənc nəslin intellekt səviyyəsini, dünya görüşünü, situasiyaya nəzər nöqtəsini çox bəyənirəm. Əvvəlki dövrlərdən fərqli olaraq indiki gənclərin limitsiz informasiyaya çıxışları var, yüksək nailiyyətlər əldə etmək üçün hər bir şərait mövcuddur. Bunun üçün öz üzərlərində işləmələri və sahib olduqları peşənin məsuliyyətini anlamaları kifayətdir.


Açar sözlər: ,