02.11.2018

“Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbirlər, “dəyirmi masa”lar keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdləri insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahın yaratdığı fəsadlar barəsində məlumatlandırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Çıxışlar zamanı qeyd olunub ki, erkən nikah zamanı tərəflərin yaş həddinin aşağı olması gələcəkdə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.

Bildirilib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Təhsil ala bilməyən gənclər peşə və ya ixtisas qazana bilmir. Bu da onun gələcək həyatında ciddi problemlər yaradır.

Tədbirlərin sonunda diskussiyalar təşkil olunub, çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,