21.12.2018

Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Dekabrın 21-də Novxanı kənd 1 nömrəli tam orta məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirlərdə təhsil şöbəsinin və icra hakimiyyətini əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları, rayon ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Novxanı kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və qəhrəmanın adını daşıyan məktəbdə onun xatirəsinə yaradılmış muzeylə tanış olublar.

Məktəbin akt zalında davam edən tədbirdə dövlət himni səsləndirilib, dövlət bayrağı səhnəyə gətirilib. Daha sonra “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli film nümayiş etdirilib.

Məktəbin direktoru Taliyə Paşayeva Mehdi Hüseynzadənin həyat yolu haqqında ətraflı məlumat verib.

İcra başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, Böyük Vətən Müharibəsində qələbə qazanmağımızda Mehdi Hüseynzadənin misilsiz rolu, onun bir kəşfiyyatçı kimi ötürdüyü hərbi informasiyalar və ümumilikdə Azərbaycan igidlərinin göstərdiyi şücaət danılmaz faktdır. Məhz belə qəhrəmanların rəşadəti sayəsində hərb tariximiz zənginləşmiş, özündən sonra gələn nəsil üçün bir örnəyə çevrilmişdir.

Daha sonra “Əfsanəvi Mixaylo” kitabının müəllifi Şəmistan Nəzirli, Abşeron qəzetinin baş redaktoru Elimxan Mehrəliyev və digər natiqlər çıxış edərək xalqımızın igid oğlu Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, onun uzaq Adriatik dənizinin sahillərindəki Sloveniya kəndlərində başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat əməliyyatlarındakı uğurlarından söhbət açıblar.

Yubiley tədbirində şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyublar.


Açar sözlər: ,