19.01.2019

20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Məktəblərdə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar “dəyirmi masa”lar, “Açıq dərs”lər,  bədii qirayət gecələri, konfranslar və mühazirələr, rəsm və şeir müsabiqələri keçirilib.

Həmçinin məktəbin pedaqoji kollektivinin və şagirdlərin Şəhidlər xiyabanını ziyarəti təşkil edilib.

Tədbirlərdə təhsil şöbəsinin, icra hakimiyyətinin, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.

Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.

Qeyd olunub ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklikdir. Xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

Tədbirlərdə 20 Yanvar hadisələri barədə sənədli və bədii filmlər nümayiş olunub, Qarabağ müharibəsi veteranları ilə görüşlər təşkil edilib. Məktəblərin foyelərində şagirdlərin əl işlərindən ibarət sərgilər və bədii kompozisiyalar təşkil olunub.


Açar sözlər: ,  ,