29.03.2019

“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Martın 29-da Novxanı kənd 1 nömrəli tam orta məktəbdə Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Oyunun keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyinin vətənə məhəbbət hisslərinin yüksəldilməsi, onların mənəvi-psixoloji cəhətdən ordu sıralarına hazırlanması, vətənin sərhədlərini qoruyacaq, hər an əldə silah vətənin keşiyində duracaq vətəndaşların yetişdirilməsi olub.

Yarış dövlət himninin oxunması, bayrağın gətirilməsi və salamlaşma ilə başlayıb. Sıra təlimi mərhələsində komandalar hazırlıq səviyyələrini nümayiş etdirib. Tərkibinə 10 oğlan və 4 qız iştirakçının daxil olduğu 30 komanda daha sonra maneələrin dəf olunması, kəndir vasitəsi ilə yüksəkliyə dırmanma, turnikdə dartınma, mülki müdafiə hazırlığı, yaralıya ilk tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıb.

Rayon birinciliyinin qalibi olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, zona yarışlarında iştirak etmək hüququ qazanıb. İkinci və üçüncü yerləri uyğun olaraq Novxanı kənd 1 nömrəli və Saray qəsəbə 3 nömrəli tam orta məktəblərin komandaları tutub.


Açar sözlər: ,