24.05.2019

Baş Dövlət Yol Polisi İdarəsinə ekskursiya

Mayın 24-də Abşeron şagirdləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə ekskursiya ediblər. Ekskursiya «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nı çərçivəsində  Azərbaycan Respublikasının Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutub.

Ekskursiyada Xırdalan şəhər 1, 2, 4, 5, 7 və 9 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, ekskursiyanın keçirilməsində əsas məqsəd təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da genişləndirilmək, yol hərəkəti təhlükəsizliyini təbliğ etməkdir.

Yol-patrul xidməti avtomobilinin müşayiəti ilə şagirdlər əvvəlcə Saray stasionar postuna ekskursiya ediblər. Burada şagirdlərə postun inzibati binasının struktur quruluşu, yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, vizual, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə yollarda təhlükəsiz hərəkətə nəzarət, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, inzibati hüquqpozmalara yol verən, o cümlədən yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçılarına, eləcə də cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri barədə nəzəri məlumatlar verilib, əyani vəsaitlər nümayiş olunub. Həmçinin şagirdlər DYP-nin iş prosesini canlı izləyiblər.

Daha sonra DİN-in Baş DYP İdarəsinin inzibati binasına gedən şagirdlər Operativ Müşahidə Mərkəzi, konfrans zalı, nəqliyyat vasitələrinə texniki baxış və müayinə mərkəzi, sürücülük vərdişlərinin yoxlanılması üçün sınaq meydançası ilə tanış olublar.

Ekskursiya zamanı şagirdləri çoxsaylı sualları cavablandırılıb. Sonda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən şagirdlərə hədiyyələr təqdim olunub.


Açar sözlər: ,