01.10.2019

Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

Oktyabrın 1-də Abşeron Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2019-2020-ci tədris ili üzrə ilk məşğələlərə start verilib.

Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə rayon məktəblərində tədbirlər keçirilib.

Tədbirlərdə məktəb direktorları, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra direktorlar çıxış edərək məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən danışıblar.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

Məlumat üçün bildiririk ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.