16.10.2019

“Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təşkilatçılığı ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər keçirilib. Görüşlərin keçirilməsində  məqsəd şagirdlər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması olub.

Görüşlərdə şagirdlərə əvvəlcə layihə və Agentliyin fəaliyyət istiqaməti barədə məlumat verilib, qida təhlükəsizliyi ilə bağlı hazırlanan sosial videoçarxlar təqdim edilib. Sonra şagirdlərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə məlumat verilib.

Agentliyin əməkdaşları şagirdlərə qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, bu sahədə ilkin vərdişlərin formalaşdırılması istiqamətidnə metodiki tövsiyyələr veriblər. Həmçinin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.


Açar sözlər: ,  ,  ,  ,