12.11.2019

Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirilib

Noyabrın 12-də Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil işçiləri, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı İradə Gülməmmədova şagirdlərin inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin mühüm rolundan söz açıb. Cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların müsbət nəticələr verdiyini bildirib. Ölkədə görülən işlər, əldə olunan nəticələr, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan İ.Gülməmmədova vurğulayıb ki, təhsil, səhiyyə, mədəniyyət, idman və ümumilikdə bütün sahələr üzrə böyük uğurlar qazanılıb.

Daha sonra tədbirdə şagirdlər və valideynlər çıxış edərək sözügedən layihənin məktəblilərin inkişafında əvəzsiz rola malik olduğunu qeyd ediblər. Çıxışçılar yaradılan bu şəraitə görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.


Açar sözlər: ,  ,  ,