09.12.2019

Şagirdlər “Şöhrət” muzeyinə ekskursiya ediblər

Abşeron rayonunun bir qrup şagirdləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya ediblər.

Şagirdlər ümummilli lider Heydər Əliyevin mənalı həyatını və çoxşaxəli fəaliyyətini, varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı illəri, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirən eksponatlar, nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.

Dahi şəxsiyyətin hər kəsə örnək olan mənalı ömür yolunu dəyərli ekspozisiyalarla şərti olaraq dörd mərhələdə əks etdirən muzey ziyarətçilərin böyük marağına səbəb olub.

“Şöhrət” muzeyində Ümummilli Liderin uşaqlıq və gənclik illərinə, dövlət təhlükəsizlik orqanlarında işlədiyi, Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövrə, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət illərinə dair stendləri izləyənlərə hər bir mərhələ haqqında əhatəli məlumat verilib.


Açar sözlər: ,  ,