08.05.2016

Abşeronda Şuşalı şəhid ailələri ilə görüş keçirilib

   Şuşa şəhərinin 1992-ci il 8 may tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Şuşalı şəhid ailələri ilə görüş keçirilib. Abşeron rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb. 
  Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin gəclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib. 
Şuşa şəhərinin Azərbaycan tarixində mühüm rol oynadığını, onun təkcə mədəniyyət beşiyi olmadığını, eyni zamanda elmi mərkəz funksiyasını yerinə yetirdiyini vurğulayan İ.Gülməmmədova Azərbaycanda ilk məktəbin məhz Şuşada açıldığını, lakin sovet dövründə bir çox tarixi faktların bilərəkdən saxtalaşdırıldığını söyləyib. Bu qədim şəhərimizin tarixinin tam araşdırılmadığını, onun məhəllələrinin, meşələrinin, müalicəvi sularının, bulaqlarının tam öyrənilmədiyini deyən başçı Şuşaya qayıdacağımız günün uzaqda olmadığını bildirib. Prezident İlham Əliyevin işğala məruz qalan ərazilərimizin sülh yolu ilə geri qaytaramağa çalışdığını, lakin bu mümkün olmadıqda hərbi yolla rayonlarımızın azad ediləcəyini vurğulayan başçı əlavə edib ki, ötən ay cəbhədə Azərbaycan əsgərlərinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar bu inamımızı bir daha möhkəmləndirdi. 

  Daha sonra Şuşadan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.


Açar sözlər: