14.07.2017

Məktəbəhazırlıq qrupları uşaqların gələcək inkişafında öz müsbət təsirini göstərəcək.

Müasir dövrdə ölkə üzrə təhsilin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülür, bunlardan bir də məktəbəhazırlıq qruplarının fəaliyyəti başlamasıdır. Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci tədris ilində Abşeron rayonunun 33 məktəbində 109 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Həftədə 4 dəfə keçirilən məşğələlər, oktyabr ayının 1-də başlayıb və may ayının 31-də başa çatıb. Rayonumuzun təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti ilə bağlı məlumat almaq üçün Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günay Heydərova ilə söhbətləşdik:

- Artıq 1 ildir ki, respublikanın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Sizin fikrinizcə bu layihə Azərbaycan  təhsil sisteminə nə qazandırdı?

- 5-6 yaş dövrü uşaqların inkişafında çox mühüm bir dövrdür.  Bu dövrdə uşaqlarda düşünmə, qavrama və ətraf mühitlə münasibətlərində mühim dəyişikliklər baş verir. Həmçinin uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur. Bu aspektdən düşünürəm ki, uşaqların məhz bu yaşda tədris prosesinə cəlb olunması çox əhəmiyyətlidir.

Məktəbəqədər təhsil uşaqların tərbiyəsinin milli-mənəvi və bəşəri dəyərlər ruhunda, milli dövlətçilik və azərbaycançılıq məfkurəsi əsasında formalaşdırılmasını təmin edir.

- Bu 1 il müddətində uşaqlar məktəbdə yuxarıda dediklərinizlə bağlı nələri öyrənə bildilər?

- Məktəbimizdə uşaqların hazırlıq dərslərini keçmələri üçün lazımi şərait yaradılaraq, müasir avadanlıqlarla təchiz olunmuş geniş və işıqlı sinif otaqları ayrılıb. Təlim prosesləri zamanı uşaqlar hərflərlə tanış olub, müxtəlif əşyalara və hadisələrə fikir bildirirməyi, öz yaşıdları ilə ünsiyyət qurmağı və iş bölgüsünü öyrəniblər.

Dərs prosesi  uşaqlarda təlimə, yaradıcılığa və dərketməyə maraq yaranmasına istiqamətləndiyi üçün ilin sonunda uşaqların ünsiyyət bacarıqlarında əhəmiyyətli irəliləmə hiss olunur, onlar nitqi dinləyib anlayır, sərbəst fikir bildirir, həm də daha rabitəli danışırlar. Həmçinin uşaqlar böyüklərə və həmyaşıdlarına qarşı xeyirxahlıq, qarşılıqlı kömək, dostluq, diqqət nümayiş etdirməyi öyrəniblər. Onlar, hərfləri və rəqəmləri tanıyır, sadə riyazi əməlləri yerinə yetirə bilirlər.

Düşünürəm ki, uşaqlar bu yaşda kollektivə, məktəb həyatına öyrəndikləri üçün 1-ci sinifdə onlara məktəbə və dərslərə uyğunlaşmaq daha rahat olacaq.

- Bəs uşaqlar daha çox nəyə həvəs göstərirlər?

- Uşaqlar əyləncəli fiziki oyunları, həmçinin şəkil çəkməyi xoşlayırlar. Elə tapşırıqlar var ki, onlar göstərilmiş nümunəyə əsasən verilmiş şəkli rəngləməli idilər. Əvvəllər uşaqların əksəriyyəti rəngləri ayıra bilmir, adlarını səhv salırdılar. İndi isə rəngləri fərqləndirir və verilən tapşırığı asanlıqla yerinə yetirə bilirlər. Vurğulamaq istəyirəm ki, uşaqlar dərsə çox həvəslə gəlirlər. Burda həmçinin validenlərin də rolunu qeyd etmək istərdim. Hər bir valideyn istəyir ki, övladı məktəbdə təlimlərdə fəal iştirak etsin. Ona görə də onlar mütəmadi olaraq müəllimlərlə əlaqə saxlayır, evdə əlavə olaraq uşaqlara nə öyrədə biləcəkləri haqqında soruşurlar.

Əminliklə deyə bilərəm ki, məktəbəhazırlıq qrupları uşaqların gələcək inkişafında öz müsbət təsirini göstərəcək.