31.05.2019

Bu gün məktəbəhazırlıq qruplarında məşğələlər başa çatır

Dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Abçeron rayon ümumtəhsil məktəblərində yaradılmış 111 məktəbəhazırlıq qrupunda 2695 uşaq məşğələyə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.