08.02.2021

Ümumtəhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin əsas məqsədi şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat vermək, onları qəzalardan qorumaq və zərər çəkməsini minimuma endirməkdən ibarətdir.

Tədbirdə qəzaların yaranma səbəbi, təhlükəli vəziyyətlərə gətirib çıxaran addımlar, sürücü və piyadaların riayət etməli olduğu qaydalar, hər birinin məsuliyyəti barədə şagirdlərə məlumat verilib. Bildirilib ki, nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm amilə çevrilib.

Daha sonra nümayiş etdirilən videoçarxlar vasitəsilə yollarda quraşdırılan nişanların, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, şagirdlərə təhlükəsizlik qaydaları izah edilib.

Şagirdlər yol hərəkəti qaydaları haqqında hazırladıqları təqdimatları nümayiş etdirib, həmyaşıdlarını təhlükəsizlik qaydalarına qarşı biganə olmamağa səsləyiblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,