15.02.2021

Abşeronda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu

Fevralın 15-dən Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin V-IX siniflərində əyani tədrisə başlanılıb.

Abşeronda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə təşkil olunur.

Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Onu da qeyd edək ki, Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə  29 216 nəfər V-IX sinif şagirdi tədrisə cəlb olunub.


Açar sözlər: ,  ,