19.02.2021

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsill müəssisələrində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbirlər keçirilib.

Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Tədbirlərdə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışılıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salınıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib.

Şagirdlər müasir dövrlə səsləşən ədəb-bədii kompozisiyalar göstərib, dilindən uzaq düşən insanları öz dillərini sevməyə və ünsiyyət zamanı öz dillərində danışmağa dəvət ediblər. Şagirdlər həmçinin ana dilimiz haqqında düşüncələrini paylaşıb, şeirlər, hikmətli kəlamlar səsləndiriblər.


Açar sözlər: ,  ,