26.02.2021

İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib.

Dərslərin məqsədi Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək olub.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib, bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Xocalı faciəsi ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olub.

Bildirilib ki, Xocalı faciəsinin əsl qiyməti ulu öndər Heydər Əliyev tərəfindən verilməklə, qətliamın dünya ictimaiyyətinə çatdırılmasına başlanılıb. Hazırda Prezident İlham Əliyev tərəfindən bu missiya uğurla davam etdirilir. Xocalı faciəsinin dünyanın onlarla ölkəsində soyqırımı kimi tanımasına nail olunub.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.

Həmçinin təhsil müəssisələrində Xocalı faciəsinə həsr olunmuş rəsm sərgiləri təşkil olunub, divar qəzetləri hazırlanıb, foyelərdə stendlər düzəldilib.


Açar sözlər: ,  ,  ,  ,