31.03.2021

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirilib

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı edilən etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Qeyd olunub ki, Heydər Əliyevin ciddi səyi və təşəbbüsü nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilib. Onun imzaladığı Fərmanla hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

Soyqırım Günü ilə əlaqədar məktəblərdə divar qəzetləri, guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Şagirdlərə 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli və bədii filmlər də nümayiş etdirilib.


Açar sözlər: