07.05.2021

Gənc Müəllimlər Assosiasiyasının üzvü olan müəllimlərlə görüş

Mayın 5-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Şahin Seyidzadə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü olan bir qrup gənc müəllimlə görüşüblər.

Görüşdə parlament sədrinin müavini Adil Əliyev müasir Azərbaycanda gənclər siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olmasını, Ümummilli Liderin gənclər siyasətinə böyük önəm verməsini diqqətə çatdırıb. Gənclərin layiqli və sağlam vətəndaş olaraq yetişdirilməsinin dövlət siyasətimizin əsas tərkib hissəsi olduğu vurğulanıb. Adil Əliyev bildirib ki, ölkəmizdə gənc nəslin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə alması, habelə onların təhsilli, müasir elm və biliklərə yiyələnən, əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi öhdəliyi isə müəllimlərin üzərinə düşür. Xüsusilə də uşaqların, yeniyetmələrin yetişdirilməsində müəllimlərin fəallığı təqdirəlayiqdir.

Görüşdə çıxış edən deputat Şahin Seyidzadə ölkəmizdə gənclər siyasətinin hər zaman prioritet istiqamətlərdən biri olmasını vurğulayaraq, gənclərimizin həm ölkə daxilində, həm də xarici ölkələrdə qazandıqları uğurlardan danışıb. Deputat bu sahəyə göstərilən diqqətin nəticəsi olaraq gənclərimizin həm təhsil, həm də idman olimpiadalarında qazandıqları uğurları, ölkəmizi layiqincə təmsil etmələrini bildirib. A.Əliyev Azərbaycan gəncliyinin bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Görüşdə Gənc Müəllimlər Assosiasiyasının üzvləri səmimi görüşə görə təşəkkürlərini bildirərək, bu görüşü həm də təmsil etdikləri müəllimlər ailəsinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndiriblər. Söhbət zamanı gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində hər bir müəllimin səfərbər olmasının vacibliyi vurğulanıb.

Görüşün sonunda iştirakçıların bir qisminə, həmçinin Güzdək qəsəbə tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fəzilə Mahmudova və Aşağı Güzdək qəsəbə tam orta məktəbin fiziki tərbiyə müəllimi Ramin Həsənliyə gənc nəslin yetişdirilməsində göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.


Açar sözlər: