30.04.2021

Yaşamağın amalı aydın olanda

YAP-n VII qurultayında qısa bir müddət keçir. Lakin burada ölkə başçısının toxunduğu aktual məsələlər bizi bu çıxışlara dönə-dönə qayıtmağa dəvət edir. Həmin çıxışlara münasibət bildirmək istəyirəm.

Azərbaycan Respublikası özünün bütün tarixi ərzində misli-bərabəri görünməmiş bir qələbə qazandı: ermənilər tərəfindən ələ keçirilmiş, dəhşətli şəkildə dağıdılmış, məqsədli olaraq burada yaşayan xalqın iz-tozunu yer üzərindən itirmək üçün vandalçasına yandırılmış şəhər və kəndlərinin sahibi olduğunu təsdiqlədi. Düşmənə sarsıdıcı zərbələr vuraraq onun ordusunun “belini sındırdı”. Başını itirmiş düşməni Moskvada bəyannamə imzalamağa məcbur etdi.

Bu qələbə ölkəmizin son 17 ilinin ən böyük uğurudur. Hələ 2003-cü ildə xalq Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə səs vermiş, ona Azərbaycan Respublikasının Prezidenti kimi etimad göstərmişdir. 26 Mart 2005-ci ildə keçirilən YAP-ın üçüncü konqresində isə Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçilmişdir. Bu illər ölkəmiz üçün ümummilli lider Heydər Əliyev dövrünə, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsinə, Azərbaycanın strateji iqtisadi və siyası hədəflərinin müəyyən olunduğu ötən dövrə, həmin möhkəm və sarsılmaz təmələ əsaslanmış yeni dövrdür. Şübhəsiz, bu dövrün təhlilini yazmalı olsaq, xalqımızın böyük şairi R.Rzanın təbirincə desək, “cild-cild kitaba sığmaz”.

Ancaq qurultayın tezislərində deyildiyi kimi, bu qələbə 17 il ərzində vətənin murdar düşməndən xilasına yönəlmişdi, 2003-2020-ci illər isə “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Ölkənin daxilində iqtisadi inkişafda uğurlar, vətənpərvərlik siyasətinin vətənsevərlik səviyyəsinə qaldırılması, beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsinin ucaldılması, işğalla barışmağa çağıran beynəlxalq qurumlarla mübarizə və s. məsələlərdə düzgün hədəflərin müəyyən olunması, bu illər ərzində ölkə rəhbərliyinin sadiq qaldığı prinsiplər qələbəmizi təmin edən amillər kimi geniş təhlil olunur.

Qurultaydakı nitqində İlham Əliyev demişdir: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.

Bu reallıqlarn yaranması ölkəmizin daxilində milli birliyin və sabitliyin sayəsində mümkün olmuşdur. Qələbəni öz qanı və canı bahasına qazanan gənclərin əksəriyyəti itirilmiş torpaqları görməmiş, həmin illərdə doğulmuş gənclər idi. Onların vətənpərvərliyi və şücaəti bu qələbəni təmin etdi. Qurultaydakı çıxışında İlham Əliyev deyirdi: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”. Beləliklə, yetişib formalaşmış gənc nəsildə düşmənə nifrət və torpaqlarımızdan düşməni qovmaq hissləri bizim qələbəni təmin edən ilk amillər sırasında olmuşdur.

Qurultayda uğurları təhlil edərkən ölkədə mövcud olan daxili sabitlik yüksək qiymətləndirildi . Bildiridi ki, bu amil bundan sonrakı qələbələri də təmin edəcəkdir. Azərbaycanın beynəlxalq təşkilatlar, ayr-ayrı dövlətlərlə münasibətləri, iqtisadi strategiya və s. məsələlər də hərtərəfli təhlil olundu və gələcək istiqamətlər işıqlandırıldı.

Düşüncələri burada yekunlaşdırıram: YAP-ın siyasətimizdə rolu, gələcək inkişafımızda mövqeyi Azərbaycanımızın bundan sonrakı problemlərinin həllində də düzgün yanaşmalarına, sabaha daha inamla baxmağa ümid verir.

 

Hüseyn Şahbəndəyev

Xırdalan 9 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini

Əməkdar müəllim