18.05.2021

“Direktorlar klubu” yaradılıb

Ümumi təhsil məktəb direktorlarının kommunikasiyasını təmin etmək məqsədilə “Direktorlar klubu” yaradılıb.

Klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb.

Klubun əsas məqsədi ümumi təhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdən ibarətdir. Bu çərçivədə direktorların görüşlərini təşkil etmək, onların idarəçilik təcrübəsini daha geniş auditoriyaya çatdırmaq, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müzakirələr aparmaq və ehtiyacları öyrənmək nəzərdə tutulub.

Bu məqsədlə 18 maydan etibarən “Məsləhətli saat” adlı onlayn proqramın yayımına start verilir. Proqram Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirovun təqdimatında hər həftənin çərşənbə axşamı saat 19:00-da “T-Network”un feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq. Proqramın ilk buraxılışında Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli və 69 nömrəli tam orta məktəbin direktoru Taleh Şahbazov çıxış edəcək.

Kluba üzv olmaq istəyən məktəb direktorları info@tnetwork.az elektron ünvanına müraciət edə bilərlər.


Açar sözlər: ,