25.05.2021

ADPU-nun 100 illik yubileyi ilə əlaqədar görüş keçirilib

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə əlaqədar onlayn görüş keçirilib. Görüşdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Magistratura və  doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti Sevinc Sadıqova, SDU-nun filologiya fakültəsinin dekanı Sevinc Həmzəyeva qonaq qismində iştirak ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı dövlət başçısının təhsil sahəsinə qayğısının növbəti təcəssümüdür. Bu gün ADPU-nun məzunları Azərbaycanın bütün bölgələrində istər pedaqoji, istərsə də digər dövlət əhəmiyyətli sahələrdə uğurla çalışırlar. Ölkədə təhsil sahəsində aparılan islahatlara bütün imkanları ilə qoşulan ADPU-nun maddi-texniki bazası, təhsil mühiti, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirləri ilə cəmiyyətdə özünə müsbət imic qazanıb. Universitetin məzunları vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə nəinki pedaqoji və digər sahələrdə, həm də 44 günlük Vətən müharibəsində Azərbaycana və dövlətçiliyimizə olan sədaqətlərini ön sıralarda nümayiş etdiriblər.

Çıxışçılar Azərbaycanın ilk ali pedaqoji təhsil ocağının yarandığı gündən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirməyindən, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirməsindən danışıblar.


Açar sözlər: