27.07.2021

Şahmatçımız yeni uğurlara imza atır

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Ümid Aslanov digər həmyaşıdlarından şahmata olan marağı ilə seçilir. Şahmatla məşğul olmağa başladığı gündən bir çox nailiyyətlər qazanıb. O, 15 yaşında Azərbaycanın 16 yaşaqədər şahmat yığmasında ilk 5 şahmatçıdan biri olub. İştirak etdiyi yarışlarda 2 beynəlxalq dərəcəli şahmat ustası ilə bərabərlik edib, bir neçə şahmat ustasına qalib gəlib.

Müxtəlif yarışlarda özünü sınamağı sevən Ümid ən son Serbiyanın Parasin şəhərində təşkil olunmuş “Paracin 2021” beynəlxalq şahmat turnirində və Senta Beynəlxalq Şahmat Festivalında iştirak edərək yüksək nəticələr əldə edib. Gənc şahmatçı Parasin turnirində  reytinq əmsalını 57 xal, Senta turnirində isə 80 xal artırıb. Hal-hazırda onun FİDE-nin reytinq siyahısında əmsalı 2155-dir.

Ümid beynəlxalq dərəcəli şahmatçı olmaq iştəyir: “Mən heç vaxt qələbə əldə etdikdən sonra onunla kifayətlənmirəm. Hər növbəti yarışa daha artıq məsuliyyətlə çalışıram. Qarşıdakı hədəflərimdən biri qrossmeyster olmaqdır. Sentyabrda Bolqarıstanda təşkil olunacaq 2 beynəlxalq turnirdə iştirak edəcəm. Daha sonra isə oktyabr ayında Naxçıvanda keçiriləcək Beynəlxalq Şahmat Olimpiadasında yığmanın tərkibində Azərbaycanı təmsil edəcəm ”.

Qeyd edək ki, Ümid həm də dərslərini yaxşı oxuyur, məktəbdə bütün müəllimləri onun nümunəvi və yaxşı oxuyan şagird olmasından danışırlar.


Açar sözlər: ,