04.10.2021

Qrant layihəsinin təqdimatı keçirilib

Oktyabrın 4-də Abşeron Rayon Təhsil Şöbəsində "Kiçik yaşlı şagirdlər üçün mənim ilk robotum" adlı layihənin təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Layihənin müəllifi Məmmədli kənd tam ort məktəbin ibtidai sinif müəllimi Ülviyyə Abdulova tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin keçirilməsində əsas məqsəd şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması, rəqəmsal məktəb mühitinin formalaşdırılması, orta məktəblərdə STEAM yanaşması ilə uşaqları eksperimentlərin aparılmasına, modellərin hazırlanmasına, musiqi və filmlərin müstəqil yaradılmasına, ideyalarının reallığa çevrilməsinə və son məhsulun yaradılmasına həvəsləndirməkdir.

Çıxış edən digər qonaqlar müasir elm və texnologiyanın təhsilin inkişafındakı rolundan və bu sahədə aparılan məqsədyönlü işlərdən danışıblar.

Qeyd edək ki, "Kiçik Yaşlı Şagirdlər üçün Mənim İlk Robotum" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “Fərdi kateqoriya” üzrə qalib gəlib.


Açar sözlər: ,