15.10.2021

Dördqat Avropa çempionu ilə görüş keçirilib

Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə “Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilib. Görüş Abşeron Rayon İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə təşkilatçı qurumlarım əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həyatını itirmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Abşeron Rayon İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev çıxış edərək ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüşlərin keçirilməsinin yeniyetmə və gənclər üçün mühim əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, tədbirin əsas məqsədi sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi, nailiyyət qazanan idmançıların cəmiyyətə tanıdılması və idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsidir.

Məktəbin direktoru Sevinc Məmmədəliyeva məktəbin idmançı şagirdləri haqqında danışıb, onların idman sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edib.

Daha sonra tədbirin qonağı uşu üzrə dördqat Avropa çempionu, İslam oyunlarının bürünc və gümüş mükafatçısı Elçin Eminov şagirdlərə idman fəaliyyəti və bu sahədə qazandığı uğurlar barədə  ətraflı məlumat verib.

Sonda şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


Açar sözlər: ,  ,