08.12.2021

"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda dəyirmi masa

Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbdə "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda dəyirmi masa təşkil olunub.

Məktəbin ədəbiyyatı müəllimi Nilufər Zaidova Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, ölkəmizdə görkəmli aşığın 200 illik yubileyinin qeyd olunması ədəbiyyat tarixinin inkişafı üçün mühüm hadisədir.  Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı, təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrlarından ibarət bədii irsi ilə  şifahi söz sənətimizi zənginləşdirib, yüksək zirvəyə qaldırıb.

Çıxışlarda qeyd olunub ki, aşıq sənətinin XVI əsrdə Qurbanidən başlayıb XX əsrdə Aşıq Şəmşirə qədər davam edən zaman bölümündə Aşıq Ələsgər zirvə təşkil edir. O, türk dünyasında aşıq sənətini ən yüksək səviyyəyə qaldıran sənətkardır. Bildirilib ki, Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaradıb. O, ustad aşıq baxımından da digər ustad aşıqlardan fərqlənir. Onun ustadnamələri həm də bir ustad dərsləridir.

Daha sonra şagirdlər aşığın yaradıcılığından qoşma, gəraylı, təcnislər söyləyiblər.


Açar sözlər: ,  ,  ,